Nazir: “Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb”

11:10 14-12-2021 3

“İşğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu layihələrin mineral xammala olan tələbatının ödənilməsi məqsədi ilə işğaldan azad olunmuş bölgələrdə faydalı qazıntı yataqlarının qalıq ehtiyatlarının dəqiqləşdirilməsi və potensial yataqlarda geoloji-kəşfiyyat və axtarış qiymətləndirmə işləri aparılmaqdadır”. 

milletinsesi.info-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. 

Onun sözlərinə görə, bu, ölkənin mineral xammal bazasının zənginləşdirilməsinə və regionda dağ-mədən sənayesinin inkişafına xidmət edəcək: 

“Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir”. 

“Qarabağ bölgəsində müxtəlif istiqamətli geoloji-kəşfiyyat işləri aparılıb, çoxsaylı filiz, qeyri-filiz, inşaat və tikinti materialları, içməli, mineral-termal su yataq və təzahürləri aşkarlanıb, bunlardan 167 yataq Mineral Xammal Bazasına daxil edilib. Həmin yataqlarda respublikanın daxili istehlak bazarını təmin edəcək və hətta xarici bazarlara çıxarılacaq böyük həcmli müxtəlif növ mineral-xammal ehtiyatımız mövcuddur. İnanıram ki, bölgədə aparılacaq geoloji-kəşfiyyat işləri nəticəsində yeni faydalı qazıntı yataqları aşkar ediləcək ki, bu da həmin potensialı bir qədər də artıracaq. Ümidvaram ki, dağ-mədən sahəsinin inkişafı istiqamətində islahatlar davam etdiriləcək. Odur ki, sahibkarların aparılan islahatlara dəstəyi və müəyyən edilmiş qanunvericiliyə uyğun fəaliyyəti çox önəmlidir. İnanıram ki, birgə fəaliyyətimiz bu sahənin inkişafında yeni bir dönəm yaşadacaq”, - deyə nazir əlavə edib.

İlhamə Əbülfət