Muxtar Babayev qum-çınqıl yataqlarının ekologiyaya vurduğu zərərdən DANIŞDI

11:09 14-12-2021 6

“Aparılan islahatlar və bu sahəyə dövlətin nəzarətinin artırılmasına baxmayaraq, hələ də yer təkindən istifadə zamanı qanunvericilik ilə müəyyən edilmiş normalara və standartlara uyğun olmadan istismar işləri aparılmaqdadır”. 

milletinsesi.info-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. 

Onun sözlərinə görə, çaylarda qum-çınqıl yataqları ehtiyatları bərpa olunan sərvətlərə aiddir:

“Lakin əksər hallarda çay yataqlarından götürülən qum-çınqıl xammalı bərpa prosesini dəfələrlə üstələdiyi üçün istismar dərinliyi nəzərdə tutulan həddini aşır, bu da ciddi ekoloji problemlər yaradır. 

Nəticədə çayların ətrafında olan strateji infrastruktura (hidrotexniki qurğulara, körpü və bəndlərə) real təhlükə yaratmaqla ekzogen geoloji proseslərin - sürüşmə, çökmə və sairin yaranmasına səbəb olur. Qum-çınqıl, o cümlədən əhəngdaşı karxanalarının yerləşdiyi ərazilərin təbii landşaftı ciddi olaraq korlanır. Çay vadilərində faydalı qazıntıların sistemsiz şəkildə istismarı nəticəsində əmələ gəlmiş çoxsaylı iri çuxurlar, çökəklər və təpəciklər eybəcər bir mənzərə yaradır. Həmçinin, daş karxanalarında köhnə texnoloji avadanlığın istifadəsi, istismarı başa çatmış yataqlarda rekultivasiya işlərinin aparılmaması ciddi ekoloji fəsadlar yaradır”. 

Nazir qeyd edib ki, dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün bu ildən etibarən yerin təkinin istifadəyə verilməsi  hərraclar vasitəsi ilə həyata keçirilir: 

“Artıq Agentlik, Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə 16 yataq sahəsində 40 lot üzrə hərrac keçirilərək yer təki sahələri istifadəyə verilib. İlin sonuna qədər daha 29 lot üzrə hərracın keçirilməsi nəzərdə tutulur. Həmçinin, sahibkarlara dəstək olmaq məqsədi ilə Agentlik tərəfindən keçirilmiş hərraclarda qalib olmuş şirkətlərə İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Fondunun dəstəyi ilə “Paşa Bank” ASC tərəfindən aşağı faizlə kreditlər verilib. Artıq bununla əlaqədar digər sahibkarlıq subyektləri tərəfindən banka müraciətlər çoxalıb. Eyni zamanda, bank tərəfindən dağ-mədən sektorunda müasir avadanlıqların və texnologiyanın tətbiq olunması ilə əlaqədar yeni maliyyələşmə mexanizmləri təklif olunur”.

İlhamə Əbülfət