Zənci doğulanda da anası ağlayır...

11:09 14-12-2021 5

Qan Turalı yazır...

Rəqəmlərlə sizi yormayacağam, elə bu müqayisəyə baxın. İngiltərənin əhalisi 67 milyondur, Afrikanın isə 1.2 milyard. Yəni İngiltərədən 18 dəfə çox. Afrikanın ərazisi 30 milyon kvadrat kilometr, İngiltərədə isə 242 min kvadrat kilometr... Yəni Afrika 13 dəfə böyükdür. Xəritəyə baxanda bu fərqi asanlıqla görmək mümkündür. 

İngiltərənin ümumi daxili məhsulu 2.7 trilyon dollardır, Afrikada isə 2.6. Yəni, İngiltərə bu qədər az ərazidə, bu qədər az insanlarla Afrikanın cəmindən daha çox sənaye, kənd təsərrüfatı və xidmət üzrə əmtəə yaradır.
Bəlkə, günah afrikalıların az işləməyindədir. Böyükləri də keçək. Afrikada hər 5 uşaqdan 1-i işləməyə məcburdur. Bəs səbəb nədir? Səbəb bu qədər əməyə, böyük insan və ərazi resurslarına baxmayaraq, istehsal edilən məhsulun dəyəridir.

Başqa sözlə desəm, nə istehsal etdiyinizdir. Yəni, Afrika əsasən xammal və kənd təsərrüfatı ixracı ilə məşğuldur. Bunlar səmərəli sayılmır, xüsusən də kənd təsərrüfatı məhsulları. Azərbaycanın yarısı boyda olan Hollandiyanın kənd təsərrüfatı ixracatı 107 milyarddır, Türkiyənin isə 17. Dünyada hazırda ən bahalı olan şey yüksək texnologiya məhsullarıdır. O məhsullar qəhvə toplamaqdan fərqli olaraq, böyük intellekt və zəka hesabına istehsal edilir.

“iPhone 6”nı “Apple” ABŞ-da 750 dollara satışa çıxarmışdı. Maya dəyəri isə cəmi 250 dollardır. 250 dollardan işçiyə verilən muzd cəmi 5 dollardır. Və bunu şokolad üçün kokos istehsal edən afrikalı ilə müqayisə etdikdə görürük ki, qazanc cüzidir.

Yüksək texnologiya məhsullarının əhəmiyyəti də bundadır. Ancaq yüksək texnologiya məhsulu istehsalı halva deyil (Yeri gəlmişkən, halvanın özü də yüksək texnologiya məhsulu hesab edilmir). Bunun üçün güclü universitetlər gərəkdir. Oradan məzun olan mühəndislər gərəkdir. Mühəndisliyin inkişafı üçün fundamental elmlərin yüksək inkişafı lazımdır. Bir sözlə, məslə gəlib təhsildə dayanır.

Məlumdur ki, ABŞ (həm də) Silikon vadisi ilə bütün dünya iqtisadiyyatına hökmranlıq edir. Hər hansı bir Afrika ölkəsinin, misal üçün Misirin onunla bu sahədə rəqabət etməyə gücü çatarmı? Əsla! Çünki bu sahədəki ən güclü təhsil müəssisələri, laboratoriyalar ABŞ-da yerləşir. Misirdə kimisə “təhsilli” deyə təqdim etmək üçün “ABŞ-da universitet bitirib” deyirlər. ABŞ-da isə əlbəttə ki, hamı universiteti ABŞ-da bitirib. Əlbəttə ki, ABŞ həm də bütün dünyadan yönələn beyin axınının mərkəzidir. Bunun üçün isə iki səbəb var, gələnlərin bir hissəsi universiteti ABŞ-da bitirənlərdirsə, digərləri ABŞ-da yaradılan yüksək istehsal və elmi səviyyənin bəhrəsidir. Bir anlıq düşünək, hansı kompüter mühəndisi misal üçün, Kaliforniyanı qoyub, Belarusa gedər? Axı, ABŞ insanlar üçün cəlbedici ölkədir. Nəticədə “American dream” deyilən bir şey var... 

Mühüm bir məqamı da vurğulamaq gərəkdir. Avropa XVIII əsrdən sənayeləşmə dövrünə qədəm qoydu. Bu dövrü yaradan alimlər idi, ancaq sənaye getdikcə daha çox ixtisaslı kadr tələb etməyə başladı. Universitetlərə ehtiyac bu səbəbdən sürətləndi.

Tarixə nəzər salmışkən, Avropa xalqları güclü sənaye ilə güclü ordu yaratdı. O dövrdə Afrikadakı dövlətlər də zəif inkişaf etmişdi, bunun nəticəsində sərvətləri talan, insanları qul edildi. Afrikadan və eləcə də digər müstəmləkə ölkələrdən toplanan bu nəhəng sərvət nəticəsində onların iqtisadiyyatı ciddi inkişaf yoluna qədəm qoydu. 

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi istehsal edilən məhsul İngiltərədən də azdı. Bu məhsulun gəliri İngiltərədən fərqli olaraq 1.2 milyard adam arasında bölünür. Üstəlik, yenə İngiltərədən fərqli olaraq, qeyri-bərabər şəkildə bölünür. Buna görə İngiltərədə insanlar ortalama 81, Sierra Leonedə isə 45 il yaşayır. 

Dünyada hər beş saniyədə bir uşaq ölür. Və bu ölümlərin yarısı Afrikadadır. Halbuki Afrika əhalisi dünya əhalisinin heç altıda biri deyil. Göründüyü kimi iqtisadi geridəqalmışlığın da cəzasını uşaqlar çəkir. Heç bir günahları olmasa da.

P.S. Yazının başlığındakı fikir Səməd Vurğunun “Zəncinin arzuları” poemasından götürülüb. Orijinalı belədir:

Elə bil ki, qara zənci bu dünyaya gələn zaman
Bir daxmada matəm tutub ağlamışdır öz anası...
Fəqət yenə ana qəlbi ayrılmamış övladından,
Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası.