Şirkətdən xəbərsiz 2 kq kartof aparan fəhlə öldürüldü – MƏHKƏMƏ

20:10 13-12-2021 11

Azərbaycanda “İnvestel Group” MMC-nin Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində yerləşən aqroparkda baş verən qətlin motivləri bəlli olub.

milletinsesi.info istintaq materiallarına əsasən, cinayətə sövq edən amilləri təqdim edir.

Materiallara görə hadisə, mübahisənin acı nəticəsidir.

Bu acı nəticəyə gətirən səbəblərə nəzər yetirdikdə isə insanı bir anlıq şablona çevrilmiş bir sual düşündürür: Bütün buna dəyərdimi?

İstintaq materiallarının səhifələrini çevirdikcə istər-istəməz ağlımıza Şah İsmayıl Xətainin qələmindən çıxan bu misralar yada düşür:

“Söz var, kəsdirər başı, söz var, kəsər savaşı”.

Ancaq cinayəti törədən şəxs və onun qurbanına çevrilmiş insan görünür ki, bir-birlərinə elə barışmaz mövqe sərgiləyiblər ki, sözün yerini bıçaq əvəzləyib.

Hər şey ondan başlayır ki, 2021-ci ilin 11 avqustunda MMC-nin aqroparkında işləyən fəhlələr axşam evə gedərkən mühafizəçinin yoxlamasına məruz qalırlar.

Bu zaman işçilərin birinin zənbilindən 2 kiloqram kartof tapılır və həmin kartofu alıb anbara təhvil verilir.

Düzü, hər şeyin yoluna qoyulduğu və məsələnin söz-söhbətsiz yekunlaşmasına dair təəssürat yaransa da, səhərki hadisə bunun əksi ilə nəticələnir.

Kartofu sahədən icazəsiz çıxarmaq istəyən şəxs isə Novruz Mansurov imiş, onun qardaşı da orada orada olub. Qardaşı evə gəldikdən sonra anasına Novruz Mansurovun əməlindən danışır, qardaşının işdən çıxan zaman özü ilə gətirdiyi çantada xəlvət iki-üç kilo kartof götürdüyünü və tutulduğunu bildirir.

Novruz evə gəldikdən sonra anasının məzəmmətinə məruz qalır. Səhəri günü iki qardaş yenidən kartof əkini sahəsinə gedirlər.

Sahədə iş görən zaman növbəni təhvil alan mühafizəçi Nəsimi İsmayılov fəhlələrə yaxınlaşaraq bir gün öncə kimin kartof oğurladığını soruşur, bu zaman Novruzun qardaşı onu kənara çəkərək məsələni danışır və qardaşının səhv etdiyini bildirir, üzrxahlıq edir.

Bundan sonra isə Nəsimi İsmayılov fəhlələrə xəbərdarlıq edir, bildirir ki, mühafizə rəisi mühafizəçiləri danlayıb və axşam bütün fəhlələr yenidən yoxlamadan keçəcəklər.

Onun xəbərdarlığını Novruz Mansurov hədələyici ton kimi başa düşür və bu. onun acığına gəlir, mühafizəçiyə cavab qaytarır, aralarında sözlü mübahisə yaranır.

İstintaq zamanı müəyyən edilib ki, həmin vaxt Novruz Mansurov Nəsimi İsmayılovun, qohumlarının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.

Əlbəyaxa olarkən mühafizəçi cibində gəzdirdiyi turist bıçağını çıxararaq Novruzun ürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirir.

“Novruz Mansurov və yanında olan 3-4 nəfər fəhlə sahədə çoxlu sayda yığılmış 20 litrlik ağ rəngli plastmas su qablarının yanında oturaraq istirahət edirdilər. Novruz Mansurovgilin oturduğu su qabları ilə mənim aramda ən azı 100 metr məsafə olub. Mən onlara “işdən çıxan zaman mənə deyin, gəlib avtomobillərə və sizin zənbillərinizə baxış keçirəcəm” dedim. Novruz Mansurov üzərimə gələrək mənimlə söyüşlə danışdı, var-yox söyüşü söydü”,-deyə Nəsimi İsmayılov ifadəsində göstərib.

Nəsimi cinayəti törətdikdən sonra ərazidən qaçıb, Novruzun qardaşı, digər fəhlələr isə yaralıya kömək ediblər. Onlar Novruzu xəstəxanaya çatdırsa da, sonuncu aldığı xəsarətdən ölüb.

Bir müddət gizlənən Nəsimi daha sonra özü könüllü polisə təslim olub.

Bu hadisə Nəsimi üçün həyatının 10 ildən çoxunu dəmir barmaqlıqlar arasında keçirməyi üçün əsaslar yaradıb.

Məhkəmənin hökmü ilə Nəsimi İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov