Azərbaycanda ilin futbolçusu: “Qarabağ”ın təklifi barədə danışmaq istəmirəm”

18:43 13-12-2021 3

“Şadam ki, məni ilin futbolçusu seçdilər. Namiq Ələsgərov və Mahir Emreli də mükafata layiq idi. Millidəki uğurlu çıxışım və “Neftçi” ilə çempionluğum qalib olmağıma səbəb oldu. Bu uğurumda əməyi olan hər kəsə təşəkkür edirəm”.

milletinsesi.info xəbər verir ki, bu fikirləri İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsi üzrə ilin ən yaxşı futbolçusu seçilmiş Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

29 yaşlı orta xətt oyunçusu daha yaxşı olmaq üçün hər zaman qarşısına yüksək hədəflər qoyduğunu bildirib: “Millidə və klubumda yaxşı nəticələr üçün əlimdən gələni etməyə çalışıram. Düzdür, millidə nəticələr yaxşı olmadı.

Canni De Byazi baş məşqçimizdir. Mənə oynamaq üçün çox şans verdi. Onun tapşırıqlarını yerinə yetirməliyik ki, uğur qazanaq. De Byazi ilə uğur qazana bilərik. Meydana hər zaman yaxşı nəticələr üçün çıxmalıyıq”.

O, Qurban Qurbanovun Emin Mahmudova əvvəllər təklif göndərməsi ilə bağlı fikirlərinə belə münasibət bildirib:

“Mən “Qarabağ”ın təklifi barədə danışmaq istəmirəm. Çünki indi “Neftçi”nin futbolçusuyam. Bütün fikrim “Neftçi”dədir”.

Səbuhi Musayev