Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO

20:55 08-11-2021 3

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət edilib, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, Dövlət himnimiz ifa olunub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Azərbaycan Bayrağı ilə şəhər küçələrində yürüş edib, Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının Qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında tədbirlər zamanı ətraflı söhbətlər aparılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılıb.