Reza Deqati Şuşadakı ilk çayından yazdı - FOTO

15:40 08-11-2021 4

Dünyada tanınmış fotoqraf Reza Deqati özünün sosial şəbəkədəki hesabından Şuşa şəhərində ilk çayı barədə paylaşım edib.

Azərbaycan əsilli fotoqraf 1992-ci ilin aprel ayında erməni qoşunları tərəfindən mühasirəsi zamanı Şuşanı tərk etmək məcburiyyətində qaldığını və snayperlərin atəşi altında çox çətin dağ cığırını keçməli olduğunu bildirib.

“Şəhərdən çıxarkən məni ötürən iki hərbçi ilə son dəfə çay içmək istədim. Onlardan biri Ramiz Qəmbərov batalyon komandiri idi. Sonradan onun müharibədə şəhid olduğunu və Milli Qəhrəman adını aldığını öyrəndim. Mayın 8-də şəhər erməni hərbçilərin əlinə keçdi. Mən həmişə şəhərə qayıdıb yenidən bir stəkan çay içmək istəyirdim. Nəhayət 2020-ci ilin dekabrın 28-də, şiddətli döyüşlərdən sonra azad edilmiş şəhərə qayıtdım və ən hündür təpənin başında Xankəndi şəhərinə baxan əsgərlərlə ilk çayımı içdim”, - deyən fotoqraf bundan sonra regionda əbədi sülhə ümidini bildirib.