Şuşada pusquya düşən əsgər: “Komandir dedi ki, açıqlığa çıxaq, heç olmasa meyitimizi tapsınlar” - MÜSAHİBƏ

13:35 08-11-2021 5

44 günlük Vətən müharibəsi iştirakçısı olan Elxan Quliyev Nəcəf oğlu 3 dekabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. Kəlbəcər, Laçın və Şuşa istiqamətində döyüşlərdə iştirak edən Elxanın icra etdiyi əsas tapşırıqlardan biri də “Şuşanın müdafiəsi” olub.

O, əsgər yoldaşları ilə birgə “Şuşanın müdafiəsi”ni həyata keçirdikləri müddətdə pusquya düşüb:

“Pusquya düşdüyümüz anda hər şeyin bitdiyini düşündük. Heç kəsdə ümid yox idi ki, buradan sağ çıxa bilərik. Hətta komandirimiz belə deyirdi ki, heç olmasa açıqlıq bir əraziyə çıxaq, gələndə meyitimizi tapıb, ailəmizə təhvil verə bilsinlər”.

Elxan Quliyev müharibədə iştirak etmək üzrə sentyabr ayının 28-də könüllü olaraq müraciət edib və artıq 29 sentyabr tarixində döyüşlərə qoşulub.

milletinsesi.info Vətən müharibəsi iştirakçısının müsahibəsini təqdim edir:

- Döyüşlərə qatılmağa nə zaman qərar verdiniz? 

- Elə, döyüşlərə başlanılan gündən etibarən, düşündüm ki, mən də getməliyəm. Buna məni ən çox təşviq edən səbəblərdən biri general-mayor Polad Həşimovun şəhid olması idi. Bu, mənə çox pis təsir etmişdi.

Evdən heç kəsə xəbər vermədim. Artıq müharibəyə yollandığım zaman, son anda onların da xəbəri oldu. Qəfil sağollaşmalı olduq.

- İlk döyüş əməliyyatlarına haradan başlamısınız? 

- İlk döyüş əməliyyatlarımız Murovdağ istiqamətində olub. Eyni zamanda, Kəlbəcər, Laçın və Şuşa istiqamətlərində də vuruşmuşam. Bizim xüsusi tapşırığımız “Şuşanın müdafiəsi” idi.

Oktyabr ayının 19-da bizə Murovdağ istiqamətində irəliləməyimiz üçün tapşırıq verildi. Mən artilleriya bölməsində, taborun 82 mm-lik minaatan batareyasında idim. Biz Kəlbəcər istiqamətindəki artilleriya bölmələrinə dəstək məqsədilə irəliləyirdik. Çox çətin ərazi hesab edilən Ömər aşırımına yaxınlaşmalı idik. Bura ermənilər üçün strateji nöqtə idi və oradan bizim bölmələri vurmaq asan hesab edilirdi. Səhər saatlarında Ömər aşırımına yaxınlaşanda bizi çox güclü artilleriya atəşinə tutdular.

Sadəcə ay işığında üç saat yarım nəqliyyatla yol qət etdik. Hava çox soyuq idi. İnsanın sümüyünü kəsirdi. Ömər postuna təxminən 600-700 metr məsafəmiz var idi. Bizdən başqa digər hərbi hissələrin bölmələri də orada idi. Özümüzə mövqe qurduq. Gecə səhərə qədər səngər qazdıq. Təxminən 9-10 gün orada qaldıq. Məqsədimiz Canavar dağını almaq idi. Bununla da Ömər postunda düşməni sıxışdırmaq istəyirdik. Düşmənə ehtiyat daşıyan yolu bağlayıb, ərazini nəzarətə götürməli idik.

- Bu istiqamətdə əməliyyatlara nə zaman start verdiniz? 

- Oktyabr ayının 28-də bizə döyüş əmri verildi. Biz 3200 metr məsafədəki Canavar sağ postunu iki saatlıq davamlı artilleriya atəşindan sonra aldıq. Amma bu qədər tez olacağına inanmırdıq. Digər bölmələrimizin Ömər postunu atəş altında saxlaması bizim üçün üstünlük idi, həmçinin mövqe qurduğumuz istiqamət də çox əlverişli idi. Düşmən gecə işıqlandırıcı mərmilərlə yerimizi təyin etməyə çalışırdı, lakin təyin edə bilmirdi. Digər tərəfdən mövqe qurduğumuz yerdə uçurum var idi. Heç kəsin ağlına gəlməzdi ki, həmin yerdə hansısa hərbi hissə mövqe qurar.

Vaxt itirmədən koordinatlar verildi və biz Canavar sol istiqamətinə artilleriya zərbələri endirməyə başladıq. Təxminən axşam saat 8 radələrində iki postu da almışdıq. Bizə məlumat verdilər ki, düşmənin xeyli sayda qüvvəsi itki verib. Qalanlar isə artıq geri çəkilir. Post tamamilə bizim nəzarətimizdə idi.

- Şuşa istiqamətindəki əməliyyatlardan danışa bilərsiniz?

- Biz ilk öncə Füzuli şəhərinin Mahmudlu kəndinə yola düşdük. Hərbi hissələrin birləşmə yerində olduq. Tam hazırlıqlı vəziyyətdə gözləyirdik. Nəhayət, noyabr ayının 6-sı hazırlaşmağımız üçün əmr gəldi. Gecə saat 12 radələrində Şuşaya doğru hərəkət etməyə başladıq. Birinci dayanacaq nöqtəmiz Xocavənd rayonunun Tuğ kəndi idi. Bir gün orada gözlədik. Şuşaya yaxın ərazidə, Daşaltı kəndində olmalı idik. Lakin, noyabr ayının 8-i Şuşa azad edildi və biz səhərə yaxın ora çata bildik. Tamamilə sakitçilik idi.

- Buradakı əsas tapşırığınız nə idi?  

- Biz noyabrın 8-də gecə saat 4-5 radələrində Şuşa, Laçın, Xankəndi yolunda idik. Bir xeyli orada gözləməli olduq. Nəhayət, tabor komandirimiz Nizami Şəbiyev əmr verdi ki, Laçın dəhlizi istiqamətində irəliləyək. Şəxsi heyətin böyük qismi dəhliz boyu irəliləmişdi ki, qəfildən düşmən bizim maşınların dayandığı ərazini artilleriyadan atəşə tutdu. Mərmilərdən bir neçəsi bizim yaxınlığımıza düşdü. Həmin vaxtda tabor komandirimiz yenidən yüksək səslə Topxana meşəliyinə doğru çəkilməyimiz üçün əmr verdi. Həmin gecə səhərə qədər orada qaldıq. Bizdən əvvəlki tabor döyüşə girmişdi. Şiddətli döyüş gedirdi. Atışmadan 20 dəqiqə sonra bildik ki, çoxlu sayda yaralımız var. Onları ərazidən çıxartmaq lazım idi. Üç əsgər yoldaşımla birgə iki yaralını ərazidən çıxartdıq. Atışma davam edirdi. Lakin bizə komanda verilmirdi ki, döyüşə girək. Elə bir vəziyyət idi ki, kömək də göndərilə bilmirdi. Bizim bölmələrə bir tank yaxınlaşdı. Yaralıları tankın üzərinə qoyub yola saldıq.

Artıq “hazırlaşın” əmri gəldi. Laçına doğru dayandırdığımız hərəkətin növbəliliyini yenidən təmin etməli idik. Koridor boyu irəlilədiyimiz müddət ərzində hər yerdən mərmilər atılırdı. Təxminən səhər saat 10-11 radələri idi. Səsini çox az hiss etdim, təxminən 10 metr yaxınlığımıza mərmi düşdü. Dedim ki, elə buraya qədərdi. Artıq “kəlmeyi-şəhadəti”mi oxuyurdum ki, mərmi partlamadı.

Xeyli irəlilədikdən sonra cəmləşmə yerinə çatdıq. Çox hündür bir yer idi. Döyüş xəritəsinə baxdıq. Dağdan yoxuş aşağı bir yol var idi, həmin yol ilə aşağı düşməli, oradan isə meşə yoluna keçməli idik. Bizim mövqelərə dəstək qrupu lazım idi. Günorta 2-3 radələrində həmin hissələri keçdik. Təyin olunan yerə gəldik. Bir mərmi çox yaxınımıza düşdü və artıq beş dəqiqəlik fasilədən sonra ikinci mərmi tam üstümüzə gəldi. Mərmi səsini eşidəndə sipər aldıq. Özümü xəndək kimi bir yerə atdım. Kürəyimdə şiddətli bir ağrı hiss etdim. Kimsə qışqırırdı ki, komandir vurulub. Gözümü açanda toz-duman idi, hərəkət etmək istəyəndə qarşımda parçalanmış insan bədəni gördüm. Bu, batareya komandirimiz mayor Emin Süleymanov idi. Yerindəcə şəhid olmuşdu. Xeyli sayda şəhid verdik. Pusquya düşmüşdük. Şok vəziyyətində idim. Kimsə məni boynumdan tutub sürüyərək özünə tərəf dartırdı. Burada nə irəli gedə bilirsən, nə də geriyə. 4-5 saat mühasirədə qaldıq. Bütün şəxsi heyəti məhv etmək istəyirdilər. Şəxsi heyətin yarısından xəbərimiz yox idi.

 - Neçə nəfər idiniz?

- Biz 10-12 nəfər qalmışdıq. Baş-leytenant Məmməd Nəsirov dedi ki, irəlidə ətrafı meşəlik bir ərazi var. Həmin yol boyunca müəyyən qədər hərəkət edə bilərik. Yanımızda bir yaralı var idi. Vəziyyəti getdikcə pisləşirdi. Bir ayağı tamamilə işləmirdi. Yaralının bel kəmərini özümüzə bağlamışdıq. Demək olar ki, yer ilə sürünürdük. Dronların səsi gələn kimi dayanırdıq. Nəhayət, ilk toplaşdığımız əraziyə çatdıq. Həmin yolu gəlib qayanın dibində dayandıq. Bizdən 15-20 metr aralıda iki nəfər var idi və bizim dildə danışırdılar. Ancaq yenə ehtiyyat etdik ki, bəlkə də düşmən kəşfiyyatından ola bilər. Biz yarım saata qədər onları müşahidə etdik. Bizdən birinin ayağı sürüşdü və onlar da səsə doğru gəldilər. Öz əsgərlərimiz silahı üstümüzə tuşlamışdılar. Biz dərhal döyüş paralomuzu səsləndirdik. Onlar anladı ki, biz azərbaycanlıyıq.

Dedik ki, tabor vurulub, şəxsi heyətdən xəbərimiz yoxdur, bir ədəd də yaralımız var. Onlar bizə kömək etdilər. Yaralının bəxtindən idi yəqin ki, bölmələrin maşınlarından biri bizə yaxınlaşdı. Yaralını maşına qoyduq və göndərdik. Çox keçmədən olduğumuz ərazini artilleriya atəşinə tutdular. Həmin iki əsgər bizi öz bölmələrinə apardılar. Gecə 4-5 radələrindən səhərə qədər artilleriya susmadı. Səhər tezdən atəş səsləri kəsildi. Düşündük ki, nəyəsə hazırlaşırlar. Əraziyə çıxdıq. Baxdıq ki, bir nəfər gəlir. Bizə dedi ki, müharibə qurtarıb, müqavilə imzalanıb. Bitdi. Həmin günü, noyabrın 10-u ərazidə qaldıq. Səhər isə öz şəxsi heyətimizin yanına qayıtdıq.

- Nə qədər şəhid verdiniz?

- Təxminən 25-30 nəfər şəhidimiz oldu və 50-60 nəfər yaralımız var idi. Döyüş yoldaşlarımızdan şəhidlər və yaralılar barəsində soruşduqda bizim heyətdən batareya komandirimizlə birlikdə əslən Gədəbəy rayonundan olan əsgər yoldaşımız Həsənov Novruzun da şəhid olması xəbərini aldıq.

Elxan, 12 aprel 2021-ci ildən etibarən “Azergold” Açıq Səhmdar Cəmiyyətinin Daşkəsəndə “Çovdar” Filiz Emalı Sahəsində işə qəbul olub. İndi o, “Ağyoxuş” mədən sahəsinin tərəzi operatoru vəzifəsində çalışır. Müharibədə göstərdiyi xidmətlərinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən Elxan onu bayram ərəfəsində, 6 noyabr tarixində alıb. Şuşa fatehi medalını əlinə aldığı zaman keçirtdiyi hissləri belə ifadə edib:

“İlk öncə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədim. Qarabağımızın göz bəbəyi olan Şuşamızın azadlığı uğrunda əziyyəti keçən hər bir döyüşçü kimi fəxr və qürur hissi keçirdim. Hisslərimi dövlət himnimizdəki bu dəyərli sözlərlə ifadə edə bilərəm.

Səndən ötrü can verməyə cümlə hazırız!

səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Ana Vətən Azərbaycan!”.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov