Azərbaycan Könüllülərinin “Zəfər Günü” fləşmobu - FOTO

13:20 08-11-2021 3

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər tarixinin birinci ildönümünə həsr olunmuş “Zəfər Günümüz Mübarək!” adlı fləşmob keçirilib.

Qurumdan verilən məlumata görə, ölkənin aparıcı könüllü təşkilatlarının könüllülərinin iştirak etdiyi fləşmobda gənclər əllərində Azərbaycan bayrağı və “Zəfər Günümüz Mübarək!” yazısını əks etdirən xüsusi hazırlanmış plakatlarla paytaxtın mərkəzi küçələrində toplaşaraq bayram ab-havası yaradıblar.

Çox keçmədən fləşmob sakinlərin diqqətini çəkib və onlar da könüllülərə qoşularaq tarixi qələbimizlə bağlı yaşadıqları sevinci iştirakçılarla birgə bölüşüb, keçirdikləri qürur hissini nümayiş etdiriblər.

Zəfər Gününü Azərbaycan tarixinin ən parlaq səhifəsi hesab edən qalib ölkənin gəncləri bu qələbədən çox böyük ruh yüksəkliyi keçirdiklərini və işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin əmri ilə atılacaq bütün lazımi addımları dəstəkləməyə hazır olduqlarını bildiriblər.