Mustafa Şəntop: “Azərbaycanın haqlı zəfərinin coşğusunu paylaşırıq”

12:50 08-11-2021 2

Türkiyə Parlamentinin sədri Mustafa Şəntop Qarabağ Zəfərinin 1-ci ildönümünü münasibətilə azərbaycanlı həmkarı Sahibə Qafarovaya təbrik məktubu göndərib:

“Dost və qardaş Azərbaycan xalqını Türk milləti və öz adımdan ən səmimi duyğularla təbrik edirəm. Vətən müharibəsinin sonunda “bir millət, iki dövlət” şüarı ilə əlaqələrimizi davam etdirdiyimiz Azərbaycanın haqlı zəfərinin coşğusunu paylaşırıq”.

“Bu ədalətli mübarizə nəticəsində 2020-ci il noyabrın 8-də hamımız üçün böyük məna kəsb edən Şuşa azad edildi və prezident İlham Əliyevin cəsarətli rəhbərliyi ilə 30 il davam edən işğala son qoyuldu. Azərbaycan 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyannamə ilə meydanda öz qələbəsini taclandırdı”, -  deyə Şəntop vurğulayıb.

Şentop bu vətən mübarizəsi uğrunda şəhidlik dərəcəsinə çatan müqəddəs qəhrəmanların xatirəsini rəhmət və ehtiramla yad etdiyini bildirib.

“Dost və qardaş Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq, sizə və sizin simanızda Azərbaycan Milli Məclisinin dəyərli üzvlərinə uğurlar arzulayıram”, - deyə o qeyd edib.

Mənbə: TRT Haber