“İgidlərin sözü”: Vətən müharibəsi qaziləri döyüş yoldaşlarına şeirlər ithaf etdilər - FOTO

12:15 08-11-2021 5

Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olunub. 

Təqdimat “Söz” layihəsi (ideya müəllifi və layihə rəhbəri Nigar Həsənzadə) ilə birgə reallaşdı. Gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihə iştirakçılarının əsgər yoldaşları iştirak edirdilər. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa etdi. Kompozisiya 44 günlük Vətən Müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. 

Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilirdi. Onların əksəriyyəti könüllü olaraq cəbhəyə gedib.

Qazilər döyüşlər zamanı qələmə aldıqları şeirləri səsləndirdilər. Onlar şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər.

Çıxışlar zamanı ekranda “İgidlərin sözü” layihəsi iştirakçılarının döyüş yolundan bəhs edən fotoşəkillər və video kadrlar nümayiş etdirildi. Zalda bu duyğuları dinləyən heç kim biganə qala bilmədi.

Tədbirin sonunda layihənin ideya müəllifi, şair Nigar Həsənzadə səhnəyə çıxdı. Şairənin öz yaradıcılığından təqdim etdiyi poetik əsər alqışlarla qarşılandı. Sonda səhnəyə çıxan bütün iştirakçıları tamaşaçılar ayaq üstə uzun sürən alqışlarla qarşıladılar.

Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq.

Qeyd edək ki, gecənin aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd idi. Azərbaycan Dövlət Simli Kvartetinin ifasında - Əməkdar artistlər Ceyla Seyidova (birinci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (ikinci skripka) musiqi parçaları lirik gecəyə həmahəng notlar qatdı.