Polad Həşimovun anası: “Onun yolu ilə minlərlə gənc cəbhəyə can atdı” - VİDEO

11:45 08-11-2021 2

Qanları ilə Zəfər tarixini yazan qəhrəmanlardır şəhidlər. Onlardan biri də general-mayor Polad Həşimovdur. 2020-ci il iyul hadisələri zamanı Polad Həşimovun şəhadəti bizi 44 günlük müharibəyə və bu savaşdakı haqlı qələbəmizə bir az da yaxınlaşdırdı. Polad Həşimovun şəhidlik zirvəsinə ucalması xalqa öz haqqından, hüququndan istifadə etməyə bir vəsilə oldu. 

Təsadüfi deyil ki, 2020-ci il sentyabrın 27-də ermənilərin Azərbaycana qarşı növbəti təxribatı və buna cavab olaraq başlayan antiterror əməliyyatı zamanı Polad Həşimovun yolu ilə minlərlə gənc cəbhəyə can atdı. Məhz həmin gənclər döyüşlərin sonunda şəhid generalımızın qisasını aldılar. Polad Həşimovun adına mahnılar yazıldı, haqqında kitablar nəşr edildi, onun qəhrəmanlığı dillərdə dastan oldu. 

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb.

Generalın anası deyir ki, Azərbaycan dövləti bu qələbəni şəhidlərin qanı, canı bahasına əldə edib. Biz qələbəni hərbi texnika ilə yanaşı, Azərbaycan Ordusunun yüksək döyüş bacarığı, Müzəffər Ali Baş Komandanın iradəsi, gənclərin Vətən sevgisi ilə təmin etdik. Bu vətənin vətəndaşı olmaq olduqca məsuliyyətli və şərəflidir. 

Artıq bir ildir ki, onun ailəsi, doğulduğu torpaq, uyuduğu İkinci Fəxri xiyaban insanların ziyarət yerinə çevrilib. Təsadüfi deyil ki, Polad Həşimov ölümündən sonra qalib əsgərlərlə birgə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəman adına layiq görülüb. 45 yaşında xalqın gözündə əfsanəyə çevrilmək, Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırmaq hər kəsə nəsib olmur. Amma Polad Həşimov bunu bacardı.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: