Azərbaycanın Zəfər Günü münasibətilə Meksikada yürüş keçirildi - FOTO/VİDEO

10:40 08-11-2021 9

Noyabrın 7-də Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü münasibətilə Meksikanın paytaxtı Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində ölkədəki qeyri-hökumət təşkilatları fəallarının iştirakı ilə yürüş keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, Meksika şəhər hökumətinin icazəsi və təhlükəsizlik dəstəyi ilə keçirilən yürüşdə iştirakçılar şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Zəfər Günün mübarək olsun Azərbaycan” pankartları açaraq təbrik şüarları səsləndiriblər.

Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüşə rəhbərlik edən “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya Azərbaycanın bir il öncə 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın ədalətin bərqərar edilməsi naminə mübarizəsinin hər zaman haqlı və humanist missiya olduğunu deyən qeyri hökumət təşkilatının rəhbəri, ölkəmizin hazırda öz səylərini azad edilmiş ərazilərinin yenidən qurulması və 1 milyona yaxın soydaşının evlərinə qayıdışının təşkilinə, habelə regionda davamlı sülh, dialoq və məhsuldar əməkdaşlıq mühitinin yaradılmasına yönəltdiyini qeyd edib.  

Sonda yürüş iştirakçıları adından Zəfər Günü münasibətilə Azərbaycan xalqına rəsmi təbrik ifadə edilib.