Ağlayırıq, gülürük, təbrikləşirik, kədərimiz var, xoşbəxtik: Biz Zəfər Gününü qeyd edirik!

10:05 08-11-2021 6

Günay Malikqızı yazır...

Şəhidlərimizin səsi ilə təbrik edirik bir-birimizi! Ağlayırıq, gülürük, təbrikləşirik, kədərimiz var, xoşbəxtik biz - Zəfər gününü qeyd edirik! Zəfər bayramımız mübarək! Bayramlaşmağımızı hamı eşidir! Çünki şəhidlərimizin son nəfəsi səsimizə güc verir! Onların hər birinin nəfəsi var səsimizdə! Can Azərbaycan, bu zəfər igidlərinin qanı, anaların səbri, ataların vüqarı, gəlinlərin hicranı ilə qazanılıb. Bu zəfər bir millətin 200 illik hayqırışı, özümüzü tanımağımızdır! Bir-birimizə “Zəfər gününüz mübarək!” deməyin xoşbəxtliyini doya-doya yaşamalıyıq! Bu günü Poladlar, Mübarizlər, Xudayarlar üçün daha möhtəşəm yaşamalıyıq, sona qədər hiss etməliyik! Çünki üçrəngli bayrağımız altında artıq yeni bir millət doğuldu! Biz artıq qələbə qazanmağın nə olduğunu bilirik! Biz düşmənimizi tanıyırıq! Düşmən isə gücümüzdən xəbərdardır! Ali Baş Komandanın qaldırdığı dəmir yumruq igid şəhidlərimizin ölməz ruhu ilə güclənir! Şəhidlərimizin yarımçıq qalan talelərinə borcluyuq vətənimizin gözəlləşməyini! Hər daşı bir igidə başdaşı olan Vətən, Zəfər bayramın mübarək!