“Qarabağ”dan darmadağın, “Qəbələ” səfər qələbəsi ilə ikinci pilləyə yüksəldi - VİDEO

21:50 07-11-2021 5

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

milletinsesi.info xəbər verir ki, “Zəfər turu”nun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Maraqlıdır ki, ötəngünkü matçlar kimi, bugünkü görüşlər də bol qollu alınıb.

Öncə, “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. “Qırmızı-qaralar” final fiti ərəfəsində iki dəfə fərqlənərək çətin səfər qələbəsi qazanıb. Bu, “Qəbələ”nin turnir cədvəlində “Neftçi”ni geridə qoyaraq 2-ci pilləyə yüksəlməsi ilə nəticələnib.

Daha sonra isə çempionatın lideri “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdamlılar çətin səfər matçında asan qələbə qazanmağı bacarıb. Qurban Qurbanovun yetirmələri fasiləni nəzərə almasaq, 12 dəqiqə ərzində rəqib qapısından 3 top keçirib. Bununla kifayətlənməyən “Qarabağ” sona yaxın daha bir qol vuraraq, böyükhesablı qələbə qazanıb. Bu da ağdamlıların ən yaxın rəqibindən 5 xal uzaqlaşmasına və liderliyini möhkəmlətməsinə kömək olub.

Qeyd edək ki, turun ilk günündə “Sabah” – “Zirə” (3:3) və “Keşlə” – “Neftçi” (3:2) oyunları keçirilib.

Azərbaycan Premyer Liqası
X tur
7 noyabr (bazar)

“Səbail” – “Qəbələ” - 0:2
Qollar:
 Emil Səfərov, 88, Məqsəd İsayev, 90+5

“Sumqayıt” – “Qarabağ” - 0:4
Qollar:
 Ramil Şeydayev, 39, Musa Qurbanlı, 45+3, 76, Maksim Medvedev, 51 (penalti)