Kimin əlində nə var idi cəbhəyə göndərdi…

17:50 07-11-2021 5

Kubra Məhərrəmova yazır…

Keçən bu vaxtlar Şuşadan şayiələr gəlirdi. Kiminsə tanış MAXE-si deyirdi ki, Şuşa bizdədi, kimsə deyirdi ki, ağır döyüşlər gedir, kimsə susurdu. 

Kimsə döyüşdə olan balasından xəbər gözləyirdi, kimsə itkin düşən balasını axtarırdı. 

Kimsə bir gecəyə qocalıb, bütün ümidlərini balasıyla birgə torpağa tapşırırdı. 

Şuşa üçün bütün Azərbaycan döyüşdü. Xalq, ordu, prezident. Hamı bir yerdə döyüşdü. Evi başına uçan da, evinin zirzəmisində bombadan qorunan da, şəhid oğlunu dəfn edən də, bir söz deyirdi. 

Qarabağ Azərbaycandır! Hər şeyə dözərik, bircə qalib gələk. 30 il ərzində ancaq müsibət, zülm görən xalq ya üz, ya düz düşüncəsinə keçmişdi. 

Həm varlısı, həm kasıbı çiyin-çiyinə düşmənlə döyüşdü, kimin əlində nə var idi cəbhəyə göndərdi. Hamının da bir arzusu var idi, ŞUŞA! 

Bizim Şuşa uğrunda gedən döyüşləri alqışlamağımız, qışqırmağımızla, döyüşməyimizlə yanaşı bir qrup insanlar lal olub qaldılar.  

Bəzilərinin isə humanizm hissləri qıcqırdı. Hardansa insan hüquqları, “sülh quşları” peydə oldu. Və bu quşlar var gücləri ilə müharibəni pisləməyə başladı. Sən demə, danışıqlar yolu ilə davam etmək lazım idi. 

Nə sirr idisə bu quşların birdən-birə sülhü dəstəkləməsi dünyanın aparıcı media qurumlarının Azərbaycana üz tutması ilə üst-üstə düşdü. Bunlar Bakıda sülh-sülh qışqırır, xarici media qurumları isə ölkə başçısından müsahibə almaq üçün sıraya düzülürdü. Hər biri də özünə borc bildi ki, bizi, Azərbaycan xalqın, onun hərbi-siyasi başçısını, prezidentini ən böyük günahlarda ittiham eləsin. 

Sən demə 92-ci ildən bu yana qırılan, ölən, qovulan, çadırda yaşayan biz deyil, ermənilərdir. Guya Gəncəyə, Tərtərə, Bərdəyə atılan uzaq mənzilli raketləri də bunlar eşitmir-görmür.  Altı aylıq körpələrin raket altında məhvini bilmirlər. 

Keçən il yaşadıqlarımızdan sonra bir daha əmin oldum ki, ha bizim küçədə “sülh” çığıran quşlar, ha Avropa məhkəməsi, ha dünya mediası. Hamısı bir bezin qırağıdır. Toydakı tamadanın cibinə pul basan kimi, bunların da cibinə pul bas, nə istəyirsən onu da çığırsın. O qədər mundar varlıqdılar ki, pula görə kilsədə yallı da gedərlər. 

Ermənilər bir il keçəndən sonra özləri də etiraf etdilər ki, Azərbaycanlılar verdiyi itkinin ikiqatını, bəlkə də üçqatını verməyə hazır idilər ki, təki qalib gəlsinlər. Amma ermənilər II Qarabağ müharibəsində verdikləri itkiyə hazır deyildi, onlar bu itkilərdən şoka düşdü. Cəmiyyət olaraq çökdülər. 

Sizə bir sirr açım. Ermənilər oğullarına çox düşgündülər. Əgər siz hesab edirsizsə, onlar üçün öldü-getdi vəssalamdır, inanın ki, elə deyil. Həm də anlayırlar ki, onların övladları axmaq, siyasi oyunun qurbanı oldu. Erməni diasporasının, Erməni kilsəsinin top qabağına atdığı ət parçası oldu oğulları. 

Postdan qaçmasın deyə ayağından zəncirlənən it oldu.  

Biz, bizə məxsus olunan uğrunda döyüşdüksə, onlarsa sadəcə məhv oldular. 

Ermənistanın prezidenti Armen Sarkisyan müharibədən bir il keçəndən sonra Rusiya kanallarının birinə verdiyi müsahibədə deyir ki, ermənilər müharibədən hələ dərs çıxartmayıblar. Real nəticə, dərs çıxartmaq üçün erməni xalqında 10 il vaxt lazımdır. Daha sonra davam edir ki, aydın məsələ idi ki, Azərbaycan Ermənistandan qabaqda idi. Azərbaycan bu müharibədə qalib gəldi. 

Zəfər ağacından asılan şəhid adları. 

Dəmir medalyonların üstündə II Qarabağ müharibəsi dövründə həlak olan döyüşçülərin adı-soyadı, doğum tarixi yazılıb. Amma ölüm tarixi sonsuzluq işarəsi ilə əvəz olunub. Mənim üçünsə müharibənin son günlərində həlak olan şəhilərin son anı incidir. Axı bircə gün də tab gətirə bilsəydi, müharibə bitəcəkdi. 

Qələbə sizin üçün canınızdan daha vacib oldu. Heç zaman qaytarılmayacaq borc qoydunuz üzərimizə. 

Ali baş komandan onun şəklini tutub yol getdi.  

Ölkə rəhbərliyinin II Qarabağ müharibəsi dövründə atdığı dəyərli addımlardan biri də müharibə zamanı itkilərin açıqlanmaması və internetin ölkə daxilində məhdudiyyəti idi. 

Çünki itki elə bir şeydir ki, istər-istəməz adamı məhv edir. Ən böüyk amal uğrunda belə döyüşəndə. Xalq olaraq bu 30 ildə o qədər şəhid dəfn etmişik ki, məzar qazmaqdan da, övlad dəfn etməkdən də yorulmuşuq.  

 27 sentyabr 2021-ci il tarixində Ali Baş Komandan şəhidlərin anım gününə həsr olunan yürüşdə 3000 nəfərdən çox kursant və hərbi qulluqçu ilə birgə addımladı. Hər bir yürüş içtirakçısı da bir şəhidin şəkilini özüylə apardı. Bu sayğı yürüşü 3000 qəhrəman və onların ailəsi üçün idi. Onların ruhu qarşısında təzim və ehtiram idi. 

Ölkə Başçısı Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimlinin fotosu ilə yürüş etdi. Adil Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.  

Yenə də Şuşa! Hər şeyin başlanğıcı və sonu Şuşa. 

Sən demə bütün yollar Şuşaya aparırmış. Bütün yollar Şuşaya gedirmiş. Bu dəfə Şuşaya gedən yol da Zəfər yolu oldu. Verdiyimiz canlar, tökdüyümüz qanlar hədər getmədi. 

Bir il olacaq ki, Şuşa evindədir. 

O gün Şuşada olan bir nəfərə yazdım ki, Şuşa necədir? Dedi ki, istidir. Amma ayın 12-sindən sonra hava çönəcək. Mən isə hönkür-hönkür ağladım... 

Şuşa yaxşıdır, evindədir.