“Şuşa” sənədli filminin təqdimatı keçirilib - FOTO

15:35 07-11-2021 4

Noyabrın 7-də Beynəlxalq  Muğam Mərkəzində Zəfər Günü ərəfəsində “SOCAR Media”-nın dəstəyi ilə hazırlanmış “Şuşa” sənədli filminin təqdimatı keçirilib. 

Filmdə əsas yeri Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş qazilərin bu möhtəşəm hərbi əməliyyat haqqında xatirə və təəssüratları tutur. Çəkilişlər hadisələrin baş verdiyi yerlərdə - Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin içəri hissələrində aparılıb. Şuşanı azad edən qəhrəman qazilər keçdikləri şanlı yolu yenidən canlandırır və həmin həyəcan dolu anları hadisələrin baş verdiyi məkanlarda yada salır, yaşadıqları duyğu və düşüncələri dilə gətirirlər.

Şuşaya ilk bayraq sancan qəhrəmanlarımızın xatirələri filmin ən təsirli məqamlarındandır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında  söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Filmdə Şuşanın işğalının epizodik xronikası da nümayiş etdirilir. Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycanda baş alıb gedən siyasi dərəbəylik və güclü mərkəzi hakimiyyətin olmaması işğalın əsas səbəbləri kimi göstərilir. 

“Şuşa” sənədli filmi “SOCAR Media”nın sifarişi ilə QULP STUDİO tərəfindən hazırlanıb. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüsseri İntiqam Cəfərovdur. 

“Şuşa” sənədli filmi 8 noyabr tarixində ATV, noyabrın 9-da Xəzər TV, noyabrın 10-da isə ARB TV kanallarında yayımlanacaq.