Azərbaycan Dövlət Uşaq Filarmoniyasında şəhid və qazi övladları üçün Zəfər konserti keçirilib - FOTO

00:30 07-11-2021 6

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Zəfər konserti keçirilib.

Konsert proqramı Qələbəmizin təminatçıları şəhid və qazilərimizin övladları üçün nəzərdə tutulub.

Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, Musiqili uşaq teatrı, vokal və gitara siniflərinin şagirdləri qonaqlara musiqili hədiyyələr bəxş ediblər. 

Uzun müddət səhnədən ayrı düşən balaca istedadlar belə qürurlu, şanlı bir tarixi gün səbəbilə səhnəyə çıxdıqları üçün sevincli, bir o qədər də həyəcanlı olublar.

Filarmoniyanın direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva qeyd edib ki, budəfəki konsertin proqramı xüsusi diqqət, sevgi və həssaslıqla seçilib, hazırlanıb. Çünki bu günlər bizim qürur tariximizin ildönümüdür.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsert proqramı, əsasən Azərbaycan bəstəkar, xalq mahnı və rəqslərindən ibarət olub.

Sonda “Yaşa Azərbaycan” rəqsinin sədaları altında bütün iştirakçılar səhnəyə çıxıblar.