Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilir - FOTO

23:45 06-11-2021 8

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən “Zəfər yolumuz” adlı tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə 44 günlük Vətən Müharibəsindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib və ən əsası Vətənə sonsuz məhəbbətlə uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya isbat edib.

Vətən müharibəsində iştirak edən hər bir vətən övladının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Dövlətimiz tərəfindən Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvər mövzuda şeirlər bədii qiraət edilib və mahnılar səsləndirilib.

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir.