Vətən müharibəsinin iştirakçısı olmuş şair: “Zəfər gününü ilk sevgi ilə müqayisə edərdim” - MÜSAHİBƏ

23:10 06-11-2021 7

Emin Piri çağdaş Azərbaycan ədəbiyyatının seçkin gənc şairlərindəndir. O, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü və Prezident təqaüdçüsüdür. "Tanrının kölgəsi” və "Sağ qalan varmı?” adlı şeir kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb, xüsusən müharibəyə aid yazdığı şeirlər ədəbi mühit və poeziyasevərlərin diqqətini cəlb edib.  Emin bəy həm də Xızı rayonu Türkoba kəndindəki ümumi orta məktəbdə tarix fənnindən dərs deyir. II Qarabağ savaşı günlərində Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edib. "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. 

“Kaspi” qəzetinin əməkdaşı Zəfər Günü ərəfəsində müharibə iştirakçısı olmuş gənc şairlə Vətən torpaqlarının azadlığı ilə bağlı söhbətləşib.

– Emin, Allah Azərbaycana daim zəfərlər nəsib etsin. Amma  uzaq olsun, müharibədə hər şey ola bilərdi, döyüşlərin qızğın günlərində heç məğlubiyyət barədə də az da olsa düşündünmü?

– Müharibədə hər şey ola bilər, əsir, yaxud itkin də düşə, şəhid, yaxud qazi də ola bilərsən. Mən uzun müddət səngərdə xidmət etmişəm, çox şeylər görmüşəm: şəhid də vermişik, erməni də öldürmüşük, səngərimizi addım-addım irəli çəkdiyimiz vaxtlar da olub. Amma o zamanlar müharibə haqqında şeirlər yazsam da, səngər həyatımla bağlı heç vaxt danışmamışam. Çünki utanırdım. Sən nə qədər qəhrəmanlıq edirsən et, ordun məğlub vəziyyətdədirsə, qalib ola bilməzsən. Şair Əşrəf Veysəlli bir şeirində bu barədə yazıb ki:
 
Məğlub bir ölkənin şahı olunca,
Qalib bir ölkənin şəhidi olum.

İstənilən halda zəfər bir çox kilidlərin açarıdır. Biz bir il əvvəl işğal tarixi ilə bağlı halsız, gücsüz ədəbiyyat yaradırdıqsa, indi sözün gözləri ilə Zəngəzura, Göyçəyə baxırıq. Qalibiyyət xalqı dəyişir. Qalibiyyət  söz adamlarının düşüncə arealını genişləndirir. Qayıdaq sualına. Bizim orduda elə ruh yüksəkliyi vardı ki, orada insan məğlubiyyət barədə istəsə belə düşünə bilmir. Çünki fikrimiz-zikrimiz ancaq irəli getmək idi.

– Müharibə haqqında "Giliz” adlı bir yazın var. O yazıda bəhs edirsən ki, gilizin içərisinə əsgərin ad-soyadını, yaxınlarından kiminsə telefon nömrəsini yazıb qoyurlar ki,  əsgər bomba, raket zərbəsi zamanı şəhid olsa və bədəni tanınmaz hala düşsə, DNK analizinə ehtiyac olmadan daha tez müddətdə şəhidin kimliyini müəyyənləşdirib ailəsinə təhvil versinlər. Şükür, sağ-salamat qayıdıbsan, bilmək istərdim ki, o gilizi hələ də saxlayırsan?

– O gilizi bizə verərkən zarafatla deyirdilər ki, sizə ən böyük arzumuz odur ki, o gilizin içini özünüz açasınız. Mən yaxınlarımın nömrəsini yazarkən çətinlik yaşadım. Düşündüm ki, anamın telefon nömrəsini yazsam və kimsə ona zəng vurub  "Leytenant Piriyevin anasıdır?” soruşsa, o sözləri eşidən kimi ürəyi partlayar.  İş yoldaşlarımın adını yazmaq istədim, sonra düşündüm ki, birdən biganə yanaşarlar. Dayım ürək əməliyyatından təzə çıxmışdı deyə onun adını da yaza bilmədim. Ən sonda uzun çək-çevirdən sonra qardaşımın nömrəsini yazıb gilizə qoydum. Bu gün də həmin gilizi saxlayıram. Çünki mənə görə onlar təkcə şahid gilizlər yox, həm də şəhid gilizlərdir. Çünki nə qədər şəhidimizin kimliyi o gilizlər vasitəsi ilə müəyyənləşib.
 
– Xocalıda ermənilərin yaşadığı, amma bizə məxsus evlərdən birinə giribsən və oradan erməni uşaqlarının şəklini tapıbsan. Bildiyim qədəri ilə o şəkilləri hələ də saxlayırsan. Səncə, o şəkillər, həmin uşaqların xatirələri nə zamansa özlərinə qayıda bilərmi?

– Xocalı soyqırımı bütün dünyanın yaddaşında həm də uşaq qətliamı kimi qalıb. Xocalıda  bir evə girərkən uşaq şəkilləri rastıma çıxdı və onları götürüb cibimə qoydum ki, uşaqların xatirələri məhv olmasın. Haçansa böyük sülh olsa, onlar Azərbaycan vətəndaşlığını qəbul edib dinc yaşasalar və onda həmin uşaqlarla rastlaşsam, şəkilləri geri qaytara bilərəm. Şəkil əmin və Emin əllərdədir (gülürük).

– Müharibədə şair kimi həssaslığın hansı məqamlarda daha çox üzə çıxırdı?
– Müharibə günlərində bir çox məsələlərə – xüsusən insan ölümünə, yaralanmasına adi baxırdım. Amma indi mülki həyatda kiminsə əli qanasa, yaxud avtomobil qəzası görsəm, bəlkə özümü itirərəm.
Müharibədən sonra heç nə mənə təəccüblü gəlmir, hər şeyin ola biləcəyi ehtimalını heç zaman unutmuram. Tabeliyimdə olan əsgərlərin əsir düşməsi ehtimalını düşünəndə çox böyük stress keçirirdim, yaxud hansısa səhvə görə utanmalı vəziyyətə düşəcəyimdən ehtiyatlanırdım. Şükür ki, bu cür hallar olmadı.

– Əsgər yoldaşlarından bəziləri imkan olanda Quran oxuyurmuşlar. Həmin məqamlarda özünü necə hiss edirdin?

– Dindən güclü parçalayıcı, eyni zamanda da birləşdirici amil yoxdur. Müharibədə heç kəs dini təbliğat aparmırdı, sadəcə əsgərlərin qəlbindən belə bir istək – Quran oxumaq keçirdi. Müharibədə ən çox istifadə edilən sözlər "komandir”, "əsgər”, "silah” və "Allah” idi. Hər kəs uğurlu döyüşə, sağ qalamasına görə dua edir, şükranlığını bildirirdi.

– Xüsusi təyinatlı əsgərin azad edilmiş ərazidə toyuqlara dən səpməsi barədə yazıbsan.

– Heyvanların milliyyəti olmur. Onların günahı nədir ki? Həmin detalın – xüsusi təyinatlı əsgərlə bağlı faktın müharibə ilə bağlı hansısa filmdə istifadə edilməsi çox yaxşı olardı. Azərbaycanlının əli heç zaman günahsız varlıqların qanına batmayıb. Biz həmişə humanist olmuşuq.

– Bu günlərdə zəfərimizin bir yaşı tamam olur. Bu barədə nə deyərdin?
– Mən bu zəfər gününü ilk sevgi ilə müqayisə edərdim. Hər sevgiyə ilk sevgi kimi yanaşmasan, o sevgi unudulub gedər. Biz bu il bir çox ilkləri yaşadıq. Daha işğal tarixlərini yox, torpaqlarımızın düşmən tapdağından azad olduğu günləri qeyd edirik. Bundan gözəl nə ola bilər ki?