Zəfər yolunun yolçuları: Bizimkilər - FOTO

19:50 06-11-2021 8

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Azərbaycan ərazilərini işğaldan azad etməsinin bir ili tamam olur. Bir il bundan öncə 44 günlük Vətən Müharibəsində əsgər, çavuş, gizir və zabitlərimiz Ermənistan ordusunu darmadağın etdi, düşmənin belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına ərazi bütövlüyümüz təmin olundu, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd və Şuşada Azərbaycan bayrağı dalğalandı. Ordumuzun sayəsində Azərbaycan xalqı şərəfli tarixi anlar yaşadı, vətənpərvərliyini, böyüklüyünü, bütövlüyünü, gücünü bütün dünyaya nümayiş etdirdi.

“Kaspi” qəzetinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi prosesində əvvəldən sona qədər iştirakçı olan, Şuşaya qədər çətin döyüş yolu keçən qazilərimizdən ikisi ilə Zəfər Günü ərəfəsində həmsöhbət olub fikirlərini öyrənib, hisslərini bölüşüb.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin keçdiyi yola yenidən nəzər saldıq. Vaxtilə "Kaspi” kollektivinin üzvü olan, hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışan qazi baş leytenant Araz Ağayev 44 günlük müharibə barədə danışmağın həm ağır, həm də qürurverici olduğunu dilə gətirdi. Onun sözlərinə görə, Vətən Müharibəsi qan, itkilər, məhrumiyyətlər, ailələr üçün stress yaşatsa da, haqq savaşı, Azərbaycan xalqının yaralarına məlhəm olması baxımından gərəkli, Zəfərlə bitdiyi üçün qürurlu müharibə idi: "Biz gec-tez intiqam almalı idik və məhz 44 günlük müharibə bizim intiqamımızın gerçəkləşdiyi, haqq-ədalətin zəfər çaldığı bir müharibə oldu. Düzü, 1 il əvvələ boylandıqda sanki hər şeyi yenidən yaşayıram. Döyüş yolumuz Füzulidən Şuşayadək ağır bir marşrutu əhatə edir. Bu yol boyunca çiyin-çiyinə addımladığımız dostları-qardaşları itirmişik, təkcə xidmət etdiyim bölük onlarla şəhid verib, onlarla əsgər, çavuş, MAXE, gizir və zabitimiz yaralanıb. Oradakı atəş, partlayış səsləri, gurultu hələ də qulaqlarımdan getmir. Amma bu ağır xatirələrlə yanaşı, döyüş yoldaşlarımızın mərdliyini, çətinliklərə mətanətlə sinə gərmələrini, ac-susuz qaldıqda belə əzmkarlıqlarını itirməmələrini yaxşı xatırlayıram”.

Qazi A.Ağayev söylədi ki, illərlə istehkamlar quran, hazırlıq görən, hər qarışı minalayan düşmən bu müharibədə sarsıdıcı zərbə alaraq məhv edildi: "Dövlətimiz ağır informasiya savaşında nə qədər dəyanətlə mübarizə aparırdısa, erməni faşizminə qarşı müharibə meydanında da ordumuz bu dəyanəti nümayiş etdirdi. Qələbəmiz haqqında danışmaq üçün bir ömür bəs etməz. Bu qələbə ona görə möhtəşəmdir ki, şanlı ordumuz mənfur düşmənin illərlə yaratdığı məğlubedilməzlik mifini 44 günə darmadağın etdi. Çox maraqlıdır ki, müharibə boyunca bir nəfərdə belə ruh düşkünlüyü görmədim. Məncə, ordumuzun gücü həm də bu ruh yüksəkliyində idi.

Başqa sözlə, bu müharibədə qazandığımız qələbə geniş mənada xalqımızın qüdrətinin, Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşməsinin nümunəsi idi. Silahlı Qüvvələrimizin ruhundakı bu güc də məhz bu birlikdən irəli gəlirdi. Üstəlik, ordu ciddi mənəvi-psixoloji və döyüş hazırlığına malik idi. Yeganə məqsəd torpaqları işğaldan azad etmək idi ki, bu məqsədə də heyrətamiz dərəcədə peşəkarlıq və çevikliklə nail olundu. Düşünürəm ki, bu müharibə bizim tariximizdə ən şərəfli səhifələrdən biridir və qazanılmış Zəfər xalqımızın bundan sonrakı dövr üçün inkişafında daha gözəl səhifələr açacaq. 44 günlük tarix min illər boyu xalqımızın qan yaddaşında yaşayacaq. Çünki bu, xalqımızın minlərlə qəhrəman övladının qanı ilə yazılmış zəfər, qəhrəmanlıq, qürur və şərəf tarixidir”.

Hazırda "Kaspi” qəzetində dizayner işləyən qazi Əşrəf Quliyevin müharibə xatirələrində Şuşa döyüşləri xüsusi yer tutur. Ömründə bir dəfə olsa belə Şuşada olmayan, bu şəhəri görməyən gənc əsgərin Şuşanın azadlığı uğrunda fədakarlığı, ölümə belə hazır olması yalnız Vətənə bağlılıqdan, vətənpərvərlikdən qaynaqlana bilər. O, Şuşa döyüşlərinin çətinliyini belə xatırlayır: "İşğaldan azad olunan bütün yaşayış məntəqələrinin, o cümlədən Şuşanın hər bir kəndi uğrunda ağır döyüşlər gedib. Əsgər kimi mən də bu döyüşlərin iştirakçısı olmuşam. Şuşa yüksəklikdə yerləşdiyi üçün düşmənin mövqeləri bizim mövqelərimizlə müqayisədə daha əlverişli idi. Onlar bu imkandan istifadə edib bizə çoxsaylı itkilər yaşada, hətta hücumlarımızın qarşısını ala bilərdilər. Amma komandanlığın düzgün plan qurması, Şuşaya doğru əsas yolla deyil, meşələrdən, çətin aşırımlardan, qayalardan, dağlardan keçməklə irəliləməyimiz, düşmən üzərinə gözləmədiyi yerdən qəflətən hücuma keçməyimiz bizə üstünlük yaratdı.

Sıx meşədə irəliləmək üçün özümüzə və texnikaya yol açırdıq. Bəzən elə olurdu ki, dağdan, yaxud sərt döngədən hansısa texnika, yük avtomobili sürüşüb dərəyə aşır, itkiyə məruz qalırdıq. Amma bu, bizi sarsıtmır, yolumuzdan çəkindirmirdi. Bir an da olsa geri çəkilməyi kimsə ağlından keçirmirdi. Füsunkar təbiəti olan Şuşa strateji yüksəklik olmaqla bərabər, xalqımız üçün xüsusi mənəvi əhəmiyyəti olan qədim şəhər idi. Ordumuz onu işğaldan azad etməklə müharibənin taleyini həll etdi, düşmən üzərində mənəvi qələbə qazandıq. Bu hadisədən cəmi 1 gün sonra Ermənistan təslim oldu, Zəfər qazandıq”.