Yazıçı: “Polad Həşimov dörd dördlük reallıqdır, mən onu necə mif kimi təqdim edə bilərdim?” - FOTO

17:20 06-11-2021 5

Bir müddət əvvəl şəhid general Polad Həşimov barədə yazıçı İlqar Kamilin “Polad necə bərkidi?” adlı esselər kitabı işıq üzü gördü. Kitab oxucular və ədəbi mühit tərəfindən yaxşı qarşılandı.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunan kitaba oxucu marağını nəzərə alaraq, müəlliflə ədəbi söhbəti təqdim edirik:

- Əsərinizin adını Nikolay Ostrovskinin əsərinin adından götürübsünüz: “Polad necə bərkidi?” O əsərdə söhbət daha çox qəhrəman Pavel Korçaginin şəxsi faciələrindən gedir. Nə üçün xalq yolunda qurban gedən şəhid general Polad Həşimov haqqındakı kitabınızın adını şəxsi faciələri əsas sayan qəhrəmanla bağlı əsərdən almısınız?

- Yəqin, bu daha çox mənim bir psixoloq kimi xüsusi dəsti-xəttimlə əlaqəlidir. Belə ki, bəzən müəyyən şəxsi narahatlıqlarla mənə müraciət edən pasiyentlərimi gerçək, dərin və İlahi bir dərdlə tanış etmək kimi bir metodum var. Onlara yeni bir maraqlı dərd təqdim edirəm - dərhal əllərindəkini atırlar yerə. Təəccüblənməyin, insan belə yaradılıb, tez-tez dostlarıma deyirəm ki, inanın, bütün bu xırda-para dərdlərimiz böyük dərdlərimiz olmadığı üçün üzərimizdə belə ağalıq edirlər. Meydanı boş görürlər. Bunu haradan öyrənmişəm? Kitablardan! Hötenin “Gənc Verterin iztirabları”nı oxuyanda düşünmüşdüm: bir roman yazım, adını da qoyum, məsələn, “Gənc Əhmədin iztirabları” və orada göstərim, gerçək iztirab necə olur, necə olmalıdır, hansı iztirablar insanı intihar həddinə gətirsə, haqqı var və s. Demirəm Verterin iztirabları xırda idi, dəyərsiz idi, amma nəyəsə görə onlar məndə intihara haqq qazandıra bilmədi. Ümumiyyətlə, müasir depressiv insanın xilasını, həm də yeni dövrün individualizasiyasında - şəxsi həyat, şəxsi dərd, şəxsi faciə bəlasından xilasda görürəm, yəqin ad seçimimin alt şüuru budur.

- Kitabınızdan görünür ki, Polad Həşimovu mifik obrazlı yox, real qəhrəman kimi tanıtmağın tərəfindəsiniz. Müharibə təhlükəsinin tam sovuşmadığı xalq üçün hansı daha çox lazımdır, mifik obrazlı, yoxsa real qəhrəman?

- Hər ikisi lazımdır, hərəsinin öz yeri var, lakin məncə, bütün miflərin həqiqət payı var, mif, mənə görə, reallığın şişirdilmiş formasıdır, yoxdan mif yarana bilməz. General Polad Həşimov isə dörd dördlük reallıqdır, mən onu necə mif kimi təqdim edə bilərdim? Üstəlik, kitabı yaza-yaza bu qənaətə gəlmişdim ki, mifik qəhrəmanlar daha çox nəzəriyyə, real qəhrəmanlar isə praktikadırlar və məncə, indiki halda bizə ikincilər daha çox lazımdır.

- Siz də Polad Həşimovdan yazmısınız, amma qeyd edirsiniz ki, ondan hamının yazmaq imkanının olması yaxşı hal deyil. Sizcə, bunun nəyi ziyanlıdır?

- Polad Generaldan hamı yaza bilər, yazır da. Kitabda da bu mövzuya qısa toxunmuşam: şəhidlər haqda yazmaq, film çəkmək və s. hamısı gözəldir, lazımdır, zəruridir, amma mənə görə, onların ruhunu şad etməyin ən doğru yolu onlara bənzəməkdir. Dərhal müharibə arzulamaq, səngər axtarmaq lazım deyil, xeyr, olduğumuz hər yer səngərdir. Hərə öz səngərinin Poladı olsa, ölkəmiz gülüstana çevrilməzmi? Mən kitabda demək istəmişəm ki, yazıçının kimin haqda nə yazdığına deyil, necə yaşadığına baxın, onun şəxsi həyat tərzi, haqqında yazdığı adam kimi deyilsə, yazdıqlarının da bir təsiri olmayacaq. Bu kontekstdən yanaşanda tam səmimi deyirəm, mən də general haqda yazmamalı idim, amma yazdım. Bəlkə də, məni yazmağa cəsarətləndirən özüm haqda bu düşüncəm oldu: mən yaxşı adam olmağa çalışan və hələ ki, bunu bacarmayan pis adamam və şair demiş, ölənəcən davam edir doğulmaq prosesi... Bənzəmək demişkən, sizə Rusiyanın Kazan şəhərində restoranlardan birində ofisiant işləyən oxucumdan danışım. Keçən il təsadüfən rastlaşmışdıq, tanış olandan sonra demişdi ki, müəllim, sizin yazıların heyranıyam. Yanılmıramsa, bir kitab da bağışlamışdım ona:

“Yerlə göy arasında”. Bu dəfə də Kazanda yolumuz həmən restorana düşdü, sinini əlində dəf kimi tutub qarşımızda tütək kimi duran ofisiantdan ustufca onu soruşdum, dilini süründürdü:

“Müəllim, necə deyim, bir həftə əvvəl başına iş gəlib deyə, şəhərdən çıxarmışıq”. Düzü, “qız-qadın söhbətidir” düşünüb çox qurcalamaq istəmədim, eləcə, dilucu işarə elədim ki, hər şey yaxşıdır? “Dəfi” həvəslə qaldırdı qulağının dibinə:

“Müəllim, bir yekəpər rus iş adamı vardı, hər dəfə bura gələndə ofisiantlarla məzələnir, onları təhqir edirdi, bezdirmişdi hamımızı, di gəl, heç kim işinin xətrinə ona heç nə deyə bilmirdi. Aşursa dözmədi, növbəti təhqir və qoçum masanın üstündən butulkanı götürüb çırpdı başına əclafın!!!” Ofisiant bunları deyib dayandı, yanımdakı dostlar sandı ki, Aşuru qınayacağam, mənimsə, əksinə, ürəyim dağa döndü, “əhsən, əlinə sağlıq, belə də lazım idi” dedim. Nə bilmişdiniz, mən Cavanşir obrazını yaradan adamam e, durub deyəcəyəm ki, niyə belə edibsən? Bu itə bir “dur” deyən lazım idi, ya yox? Elə bir az pulun var deyə, kimi gəldi təhqir edəcəksən və heç kim sənə güldən ağır söz deməyəcək? Odur, gəlin sizə bir sirr açım: haqqın ən böyük problemi batilin nazı ilə oynamaqdır! Axırda videogörüntü ilə danışmalı oldum Aşurla, dedim, qardaşım, o nə oyundur çıxardıbsan, hər halda diqqətli ol, özündən muğayat ol. O isə bütün igidlər kimi susur və eləcə gülürdü... Təsəvvür edin, sonradan öyrənmişəm ki, Aşur general Polad Həşimovun əsgəri imiş. Əlavə şərhə ehtiyac varmı?

- Sizcə, biz qəhrəmanlarımızı nəyə görə onların vəfatından sonra dərindən tanıyırıq? Nədənsə kitabınızda çoxsaylı suallara cavab arasanız da, bu məsələdə dərinə getmirsiz...

- Bu məsələ qismən qəhrəmanın özü, xarakteri, xüsusən də, hədəfi ilə bağlıdır, ən azı, Polad Həşimovda belədir; Məsələn, hamı deyir ki, o, şöhrətdən qaçırdı, tanınmaq istəmirdi və s. Bilirsiniz niyə? İnsan enerjisi məhduddur, şöhrət adamın xeyli vaxtını alır. Şəxsən, mən generalın həyatını oxuduqca gördüm ki, kişinin yalnız bir dərdi varmış - Vətən! Şöhrət isə o boyda dərdə mane ola bilərdi, məsələ budur. Başqa bir məsələ də budur ki, ölüm insan həyatının sonuna qoyulan rəsmi möhürdür, nə qədər ki, möhür qoyulmayıb, insanın yaşadığı həyat tərzi etibarsızdır, nədən ki, insan dəyişkəndir, dönükdür, xəyanət edə bilən varlıqdır - hətta bəzən öz yaratdığı həqiqətə belə! Yəni əslində, xalq qəhrəmanını ölməzdən əvvəl də tanıyır, sadəcə məktubunun möhürlənməsini gözləyir və bu, haradasa təbiidir.

- Kitabın bəzi hissələrinin Polad Həşimovla sanki dialoq kimi yazılması barədə fikirlərinizi öyrənmək istəyərdim...

- Doğru duyumdur, bilirsiniz, başqa yolum yox idi, təsəvvür edin, həyatda bir dəfə belə görmədiyim şəxsiyyət haqqında kitab yazırdım, onu gözümün önündə canlandırmalı, hamıdan əvvəl özüm üçün portretini cızmalı idim. İmam Əlinin məşhur sözü var, deyir, mən görmədiyim Allaha ibadət edə bilmərəm, mən də görmədiyim adam haqda yaza bilməzdim. Lakin mən onu gördüm və bəzi esselərdəki dialoqlarımın hikməti bu görüşü daha canlı etmək idi. İnanın, olurdu ki, hansısa yazını yaza-yaza generalı qarşımda hiss edirdim, həyat yoldaşım şahiddir, bəzi məqamlarda hönkür-hönkür ağladığım da olub. Bir dəfə yazmışdım ki, sevdiyiniz insanlardan Allaha danışın, mən danışırdım: mən o günlər Polad Paşadan Allaha danışırdım...

- İstinadlarınızın daha çox mətbuatdan, kitablardan olması da bu sualımın yaranmasına səbəb oldu: Moskvada yaşamağınız, hadisələrə uzaqdan baxmağınız kitabı yazarkən hansı dərəcədəsə əl-qolunuzu bağladı, yoxsa internet əsrində belə bir problem yoxdur?

- İnternet əsrində belə bir problemin olmadığını düşünürdüm, ta ki, kitabın təqdimat tədbirində generalın anası ilə yaxından söhbət edənə qədər. Düşündüm ki, bu kitabı, kaş ana ilə görüşəndən sonra yazaydım. Ona görə yox ki, ana mənə Polad haqda yeni xatirələr danışdı, fərqli bilgilər verdi, ona görə ki... niyəsini izah etmək çətindir.
 
- Polad Həşimovun qayğıkeşliyi, vətənpərvərliyi barədə yazılanların bəziləri sadə insanlara xas yaşam normalardır. Amma təəssüf ki, insanlar o qədər insanlıqdan çıxıb ki, xeyirxahlıq və sair ilə bağlı xoşniyyətli əməllər artıq norma yox, qeyri-adi insanlıq əlaməti kimi bəlirlənir. Bu amil qəhrəmanlara obyektiv yanaşmağımıza mane olmadı ki?

- Mənim aləmimdə qəhrəmanlıq situasiyaya görə dəyişir. “Polad necə bərkidi?” kitabının təqdimat mərasimində şəhidin əziz bacısı Kəmalə xanım, təqribən bu məzmunda düşündürücü bir söz dedi:

“Mənim qardaşım qeyri-adi insan deyildi, əsl insan idi, bütün məsələ budur”. Di gəl ki, indiki zamanda əsl insan olmaq bəyəm asan işdir? Bunun özü belə ən böyük qəhrəmanlıq deyil? Sartrın “Sözlər” adlı memuar əsərində belə bir yer var, deyir, bəşəriyyəti böyük təhlükədən qorumaq üçün silaha (qələmə) sarıldığım bir zamanda, əfsus ki, mənə dünyanın işlərinin mükəmməlliyə doğru getdiyini dedilər. İşıqlı mühitdə parlamaq çətindir, təbii, Sartrın eqoizmini anlamaq olar, lakin bəzən qaranlıq mühitdə parlamaq daha çətindir. Mən generalın kitabında da yazmışam, Həşimov həqiqətini belə min qat dəyərli edən səbəblərdən biri də onun qaranlıq mühitdən çıxması oldu. Hər hansı bir posta yiyələn kimi əksəriyyəti çapmaq, talamaq, “ağıllı” olmaq, özünə bir gün ağlamaq və s. haqda düşünən bir cəmiyyətin içindən, təsəvvür edin, qəfil elə bir kişi boy göstərir ki, ona təqdim olunan evi bir başqasına bağışlayır – sizcə, bu, qəhrəmanlıq deyilmi? Söhbət təkcə Azərbaycandan da getmir, əslində, merkantil maraqlar üzərində qurulmuş kapitalizmin vəhşi caynaqları altında çapalayan bir dünyada kiminsə durub öz hesabına Vətən üçün filan-filan işləri görməsi, türklər demiş, insanı sayğı şapkası çıxarmağa vadar edir. Məhz bu kontekstdən yanaşanda əminliklə bəyan etmək olar: general Polad Həşimov təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya insanı üçün örnək ola biləcək şəxsiyyətdir!

- Bu kitabda Polad Həşimovun kimliyini açmaqda həddən artıq dini motivlərdən, şəxsiyyətlərdən, hadisələrdən, hədislərdən, “Qurani-Kərim”dən bəhrələnməyiniz və bunu əks etdirməyə çalışmanız nə ilə bağlıdır?

“Həddindən artıq dini motivlər” deyirsiniz, siz 44 günlük zəfər döyüşü günlərində hərb meydanlarında nə görüb, nə eşitdiniz? Olmaya cəngavərlərimiz Sokratdan sitatlar oxuyur, Platondan aforizmlər səsləndirirdi? Bizim duyduğumuz “Allahu-əkbər”, “Ya Allah”, “Ya Əli”, “Ya Hüseyn” nidaları idi. Bizim gördüyümüz, igid əsgərlərimizin geri qaytardığı torpaqlarda ilk ziyarət etdiyi məkanın məhz məscid olması idi! Sizcə, bunlar da həddindən artıqdır? Yoxsa, şəhid Mübariz İbrahimov da öz vəsiyyətnaməsində dini motivlərdən həddindən artıq istifadə etmişdi? Sovet imperializminin qorxusu hələ də canımızdadır-nədir, məsələn, biz hələ də Aşura ilə bağlı motivləri, az qala bir əsr əvvəl yaşamış Qurban Səidin “Əli və Nino”sunda axtarırıq. Xalqın böyük hissəsinin məhərrəmlik ənənəsi var, Sovet yasaqlamışdı, asıb-kəsirdi, qoymurdu, yaxşı, o vaxtın yazıçılarını anlamaq olar, bəs hanı müasir yazıçılarımızın bununla bağlı hekayələri, romanları? Hanı jurnalistlərimizin Aşura günündən sanballı reportajları? Mən bircə Mirmehdi Ağaoğlunun gözəl yazısını xatırlayıram, varsa, deyin, məmnuniyyətlə oxuyum. Mən bu kitabı bir müsəlman oğlu kimi, xalqın dilində yazmışam, başqa da heç bir niyyətim olmayıb.