Nağdsız əməliyyatların artmasının faydaları nələrdir?

15:25 06-11-2021 9

Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq 10 milyon 429 min təşkil edib. Bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda qeyd olunub. Bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu, 16,3 faiz artım deməkdir.

Ödəniş kartlarında artım debet kartları üzrə 15,4 faiz, kredit kartları üzrə 23,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər kartlar isə 1,1 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə də təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin doqquz ayı ilə müqayisədə 67 faiz artıb. Kart sayında və nağdsız əməliyyatların həcmində artım var. Nağdsız əməliyyatlarının artmasının həm dövlət büdcəsinə, həm banklara, həm də cəmiyyətə faydasının olacağı bildirilir. Bu faydalar nədən ibarətdir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Belə ki, bank məsələləri üzrə mütəxəssis Xəyal Məmmədli deyir ki, ölkədəki bank kartlarının sayında artım daha çox olmalıdır:

“Hələ ki, artım gözlənilən səviyyədə deyil. Bu artım daha çox olmalıdır. Çünki kartla aparılan əməliyyatların həcmi digər ölkələrlə müqayisədə bizdə aşağıdır. Bu həcm də artmalıdır. Kartla ödənişlərə keçidin faydaları çoxdur. Bundan sonrakı dövrdə daha çox artım olmasını gözləyirik”.

Bank kartlarının sayının artırılmasının ölkə iqtisadiyyatına nə kimi təsirləri olması haqqında danışan X.Məmmədli bildirdi ki, ödənişlərin nağdsız formada edilməsi dövlət büdcəsinin gəlirinə böyük təsir edən faktordur:

“Əməliyyatların plastik kartlar vasitəsilə, nağdsız qaydada aparılması, birinci növbədə iqtisadiyyatın şəffaflaşmasına, kölgə iqtisadiyyatının aradan qalxmasına təsir göstərir. Çünki kartla aparılan əməliyyatlar rəsmi qaydada olur. Dövlət büdcəsinin gəlirlər hissəsinin artmasına birmənalı şəkildə təsir göstərir. Eyni zamanda, ödənişlərin nağdsız olması həmin əməliyyatlara nəzarət imkan verir. Ödənişlər nağd əməliyyatlardan fərqli olaraq nağdsız qaydada aparıldıqda, prosesə Mərkəzi Bank, Maliyyə Nazirliyi tərəfindən nəzarət etmək imkanları olur”.

Mütəxəssisin sözlərinə görə, bu artım, eyni zamanda bankların gəlirinə təsir edən faktor olaraq çıxış edir:

“Pul nağd formada vətəndaşda olanda bank bu vəsaitlərdən istifadə edə bilmir. Kart sayı çoxaldıqca, insanlar nağdsız ödənişlərə üstünlük verdikcə evlərdə nağd qaydada olan pullar bank hesablarında saxlanılır. Bu da bankların likvidliyinə müsbət təsir göstərir. Digər tərəfdən, müəyyən əməliyyatlar var ki, onlar aparılanda bank ödənişlərdən əlavə komissiya tutur. Adi alış-verişlərdə komissiya tutulmasa da, müəyyən ödənişlər var ki, orda komissiya tutulur. Bu komissiyalar da bankların gəlirinin artmasına gətirib çıxarır”.

X.Məmmədli deyir ki, kartdan istifadənin, ümumilikdə, cəmiyyətə də böyük təsiri olacaq:

“İllərdir Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir. İnsanlar kartdan istifadə, bunun faydaları haqqında daha maarifli olmalıdırlar. Bu halda nağdsız ödənişlərə daha çox üstünlük verərlər. Qeyd etdiyimiz kimi, aparılan əməliyyatlar şəffaf olduqda, kölgə iqtisadiyyatı aradan qalxdıqda dövlət büdcəsinin gəlirləri artacaq. Gəlirlər daha çox olacaq və bu da dövlətin daha güclü olmasına gətirib çıxaran faktordur. İnsanlar da ondan faydalanacaqlar. İstər infrastruktur layihələri olsun, istər aztəminatlı ailələrə dövlət dəstəyi, istərsə də bütün digər güzəştlər. Dövlətin imkanları daha da genişlənir və cəmiyyətə də təsirini göstərir”. 

Mütəxəssis qeyd etdi ki, nağdsız ödənişlər zamanı insanlar maliyyə hesablarını daha yaxşı apara bilirlər:

“Nağd pul belədir ki, insanlar xərcləyirlər, amma bir maliyyə hesabatı aparmaq istəyəndə bəzən nələrsə yada düşmür, nəyə nə qədər xərclədiklərini unudurlar. Nağdsız qaydada aparılan əməliyyatların siyahısını tutmaq isə asandır. Bank hesabından çıxarış əldə etməklə nəyə, nə qədər, hansı tarixdə xərcləndiyini müəyyənləşdirmək mümkündür. Bunun üçün banka getməyə də ehtiyac yoxdur, bankın mobil tətbiqi vasitəsilə bu çıxarışı əldə edə bilərlər. İstənilən vaxt tətbiqə daxil olub, vaxt aralığını seçib hesabdan çıxarış edə bilirlər”.