Bakıda polisdən yayınmaq üçün mütəmadi olaraq yaşayış ünvanını dəyişən narkotacir saxlanılıb – FOTO/VİDEO

21:10 05-11-2021 22

Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə Şöbəyə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonu Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitlələr saxladığı müəyyən edilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan  metamfetamin və heroin aşkar edilib. 

Araşdırma zamanı müəyyən edilib ki, Rəhman Abdullayevin paytaxt ərazisində mütəmadi olaraq kirayə mənzillər tutaraq orada narkotik vasitələrin satışını həyata keçirib. O, polislər tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməməsi üçün paytaxt ərazisində yaşayış ünvanlarını tez-tez dəyişib. Buna baxmayaraq Rəhman Abdullayevin izinə düşən polislər sonda onu ifşa edə biliblər. 

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. Rəhman Abdullayevdən aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.