Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə konfrans və sərgi keçirilib - FOTO

19:10 05-11-2021 4

2021-ci ilin 5 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının birinci ildönümü münasibətilə “44 günlük Zəfər yolu” adlı konfrans və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik, konsulluqlar və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri, eləcə də Xarici İşlər Nazirliyi rəhbər heyəti iştirak edib.

Konfransda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Azərbaycan Respublikasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, eləcə də Vətən Müharibəsi iştirakçısı Vasif Dilavarzadə çıxış ediblər. Bir paneldən ibarət olan konfransda, həmçinin Türkiyə Cümhuriyyətinin Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Çağrı Erhan və Rusiya Federasiyasından olan hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko iştirak ediblər.

Konfransda tədbir iştirakçılarının diqqətinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və müharibədən sonra xarici kütləvi informasiya vasitərlərinə verdiyi müsahibələrə qısa baxışı əks etdirən, habelə Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinə həsr olunan video-çarxlar təqdim edilib.

Konfransın sonunda tədbir iştirakçıları Qarabağ Dirçəliş Fondunun “Qarabağ işğaldan öncə, işğal dövründə və azad olunandan bir il sonra” mövzusunda foto-sərgisi, eyni zamanda “E-Media Group” media təşkilatının dəstəyi ilə ölkəmizin peşəkar rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olmağa dəvət olunublar.