Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirdi - FOTO

12:01 30-07-2020 5

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayon sakini, əvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kiloqram olan 10 çətənə kolu aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.